Süd vəzi xərçəngi qadınlarda ən çox rast gəlinən onkoloji xəstəlikdir və erkən aşkarlandıqda müalicə imkanları əhəmiyyətli dərəcədə genişdir. Süd vəzisində yeni yaranmış kütlə, dərinin və ya gilənin görünüşündə dəyişiklik, qoltuqaltı nahiyədə böyümüş düyün — bunların hamısı xərçəng demək deyil, lakin hamısı müayinə tələb edir.
Xəstəlik nədir
Süd vəzi xərçəngi süd vəzisi toxumasının hüceyrələrinin nəzarətsiz artımı ilə xarakterizə olunur. Bu, vahid bir xəstəlik deyil: hormon reseptorlarının (ER, PR), HER2 zülalının vəziyyəti və digər molekulyar göstəricilər əsasında bir neçə alt tipə ayrılır.
Alt tip müalicə seçimini birbaşa müəyyən edir — buna görə də iki eyni ölçülü şiş tamamilə fərqli müalicə tələb edə bilər.
Diqqət tələb edən əlamətlər
- Süd vəzisində və ya qoltuqaltı nahiyədə yeni yaranmış, adətən ağrısız kütlə
- Süd vəzisinin formasının və ya ölçüsünün asimmetrik dəyişməsi
- Dərinin içəri çəkilməsi, qalınlaşması, “portağal qabığı” görünüşü
- Gilənin içəri çəkilməsi və ya istiqamətinin dəyişməsi
- Gilədən qanlı və ya şəffaf ifrazat
- Süd vəzisi dərisində keçməyən qızartı, yara və ya qabıqlanma
Bu əlamətlərin əksəriyyətinin səbəbi xoşxassəli olur. Lakin səbəbin nə olduğu yalnız müayinə ilə müəyyən edilir — gözləmək faydalı deyil.
Risk amilləri
Yaş · ailədə süd vəzi və ya yumurtalıq xərçəngi tarixçəsi · irsi genetik dəyişikliklər (məsələn, BRCA1/BRCA2) · erkən menarxe və gec menopauza · doğuş etməmək və ya gec doğuş · uzunmüddətli hormonal terapiya · artıq çəki və hərəkətsizlik · alkoqol qəbulu.
Risk amillərinin olması xəstəliyin mütləq inkişaf edəcəyi demək deyil; olmaması isə tam qorunma demək deyil. Süd vəzi xərçəngi olan qadınların əhəmiyyətli hissəsində ailə tarixçəsi olmur.
Diaqnoz necə qoyulur
- Klinik müayinəSüd vəzilərinin və regional limfa düyünlərinin müayinəsi.
- GörüntüləməYaşdan asılı olaraq mammoqrafiya və/və ya USM; bəzi hallarda süd vəzisinin MRT-si.
- BiopsiyaDiaqnozu təsdiqləyən yeganə üsul.
- İmmunohistokimyaER, PR, HER2, Ki-67 göstəriciləri; müalicə seçimi üçün mütləqdir.
- Yayılmanın qiymətləndirilməsiGöstərişə görə KT, sümük ssintiqrafiyası və ya PET-KT.
- Genetik müayinəAilə tarixçəsi və ya gənc yaş kimi göstərişlər olduqda.
“Şişə toxunmaq olmaz, oyanar” fikri elmi əsası olmayan yanlış təsəvvürdür. Biopsiya xəstəliyi yaymır; diaqnozun gecikməsi isə real risk yaradır.
Müalicə necə planlaşdırılır
Süd vəzi xərçənginin müalicəsi adətən bir neçə üsulun birləşməsindən ibarətdir: cərrahi müdaxilə, şüa müalicəsi və sistem (dərman) müalicəsi. Sıra və tərkib alt tipdən və mərhələdən asılıdır.
Tibbi onkoloqun payına düşən sistem müalicəsidir:
- Hormonal terapiya — hormon reseptorları müsbət olan şişlərdə
- Hədəfli terapiya — HER2 müsbət şişlərdə və digər müəyyən hədəflər olduqda
- Kimyaterapiya — göstəriş olduqda, əməliyyatdan əvvəl və ya sonra
- İmmunoterapiya — müəyyən alt tiplərdə və göstərişlər olduqda
Bəzi hallarda sistem müalicəsi əməliyyatdan əvvəl aparılır: bu, şişin ölçüsünü kiçildə və müalicəyə cavabı birbaşa qiymətləndirməyə imkan verə bilər.
Nəzarət
Müalicə başa çatdıqdan sonra müəyyən intervallarla klinik müayinə, görüntüləmə və laborator nəzarət aparılır. Nəzarət cədvəli fərdi olaraq müəyyən edilir.
Tez-tez verilən suallar
Süd vəzisində kütlə tapdım — bu mütləq xərçəngdirmi?
Xeyr. Süd vəzisi kütlələrinin böyük hissəsi xoşxassəlidir. Lakin fərqi yalnız müayinə müəyyən edir.
Ağrı yoxdursa, təhlükə də yoxdurmu?
Ağrının olmaması təhlükəsizlik göstəricisi deyil. Süd vəzi xərçənginin erkən mərhələsi çox vaxt ağrısız olur.
Nə vaxtdan mammoqrafiya etdirmək lazımdır?
Skrininq yaşı və intervalı fərdi riskdən asılıdır və həkim tərəfindən müəyyən edilir. Ailə tarixçəsi olduqda daha erkən başlanıla bilər.
Kimyaterapiya hər pasiyentə təyin olunurmu?
Xeyr. Kimyaterapiya alt tip, mərhələ və bəzi hallarda əlavə testlərin nəticəsinə əsasən təyin olunur; bir çox pasiyentdə ona ehtiyac olmur.