Yumurtalıq xərçənginin erkən əlamətləri qeyri-spesifikdir və çox vaxt həzm problemi kimi qəbul edilir: davamlı qarın şişkinliyi, tez doyma, qarın və çanaq nahiyəsində narahatlıq. “Sadəcə köpdür” izahı ilə aylar itirilir. Bu şikayətlər davamlıdırsa və getdikcə artırsa, çanaq USM-i və həkim müayinəsi tələb olunur.
Diqqət tələb edən əlamətlər
- Davamlı və getdikcə artan qarın şişkinliyi
- Tez doyma və iştahanın azalması
- Qarın və ya çanaq nahiyəsində davamlı narahatlıq, ağrı
- Sidik ifrazının tezləşməsi və ya təcili sidik ehtiyacı
- Nəcis vərdişinin dəyişməsi
- Səbəbi məlum olmayan çəki itkisi və halsızlıq
- Qarnın həcminin artması — assit (qarın boşluğunda maye toplanması) diqqət tələb edən əlamətdir
Bu əlamətlərin hər biri çox daha yayğın və xoşxassəli səbəblərdən yarana bilər. Narahatlıq doğuran onların davamlılığı və artan xarakteridir — bir neçə həftə ərzində keçmirsə, müayinə lazımdır.
Diaqnoz necə qoyulur
- Klinik və ginekoloji müayinə
- Çanaq USM-iİlkin görüntüləmə üsulu.
- KT və ya MRTYayılmanın qiymətləndirilməsi.
- CA-125 və digər markerlərQan analizi ilə.
- Histoloji təsdiqDiaqnoz yalnız toxuma müayinəsi ilə təsdiqlənir.
CA-125 nə deməkdir
CA-125 yumurtalıq xərçəngində ən çox istifadə olunan qan markeridir, lakin onun rolu tez-tez səhv başa düşülür.
- CA-125 tək başına diaqnoz qoymur. O, endometrioz, miyoma, iltihabi proseslər, hamiləlik və hətta menstruasiya dövründə də yüksələ bilər.
- Normal CA-125 xərçəngi istisna etmir. Bəzi yumurtalıq xərçənglərində marker normal həddə qalır.
- Əsas dəyəri dinamikadadır. Diaqnoz təsdiqləndikdən sonra markerin müalicə fonunda necə dəyişməsi cavabın qiymətləndirilməsinə kömək edir.
Marker həmişə görüntüləmə və klinik vəziyyətlə birlikdə qiymətləndirilir.
Müalicə necə planlaşdırılır
Yumurtalıq xərçənginin müalicəsi adətən cərrahi müdaxilə və sistem müalicəsinin birləşməsindən ibarətdir. Sıra vəziyyətdən asılıdır: bəzi hallarda əvvəlcə əməliyyat, bəzi hallarda isə əvvəlcə sistem müalicəsi aparılır.
Tibbi onkoloqun rolu sistem müalicəsinin planlaşdırılması, aparılması və cavabın izlənməsidir. Yayılmış mərhələdə sistem müalicəsi fonunda şiş yükünün azalması, assitin geriləməsi və marker dəyərinin düşməsi bəzi pasiyentlərdə müşahidə oluna bilər — bu nəticələr fərdidir və hər pasiyentdə eyni olmur.
Genetik testlərin rolu
Ailə tarixçəsi olduqda və bir çox hallarda diaqnozdan sonra rutin olaraq BRCA və digər genetik testlər nəzərdən keçirilir. Bunun iki səbəbi var: nəticə həm müalicə seçiminə təsir edə bilər, həm də ailə üzvlərinin riskinin qiymətləndirilməsinə imkan verir.
Tez-tez verilən suallar
Yumurtalıq kistası xərçəngə çevrilirmi?
Kistaların böyük əksəriyyəti funksional və xoşxassəlidir. Bəzi tiplər isə müşahidə və ya cərrahi qiymətləndirmə tələb edir. Fərqi USM xüsusiyyətləri, yaş və digər göstəricilər müəyyən edir.
CA-125 yüksəkdirsə, bu xərçəng deməkdirmi?
Xeyr. Yüksək CA-125 bir çox xoşxassəli vəziyyətdə də rast gəlinir. O, tək başına diaqnoz qoymur və mütləq görüntüləmə ilə birlikdə qiymətləndirilir.
Assit nə deməkdir?
Assit qarın boşluğunda mayenin toplanmasıdır. Onun bir çox səbəbi var — həm onkoloji, həm də qeyri-onkoloji. Səbəb müayinə ilə müəyyən edilir.