Yaşam və qidalanma

Kimyaterapiya zamanı qidalanma: nəyə diqqət etmək lazımdır?

Qısa cavab

Kimyaterapiya zamanı iştahanın azalması, dad hissinin dəyişməsi və bəzi qidalara qarşı ikrah çox rast gəlinən vəziyyətdir və müalicənin gözlənilən hissəsidir. Universal “onkoloji dieta” yoxdur. Məqsəd sadədir: kifayət qədər zülal və kalori almaq, çəki itkisinin qarşısını almaq və mayenin balansını qorumaq.

Qidalanma niyə vacibdir

Düzgün qidalanma xərçəngi müalicə etmir və müalicəni əvəz etmir. Lakin o, müalicə dövrünü daha yaxşı keçirməyə kömək edə bilər: çəki itkisinin və əzələ kütləsinin azalmasının qarşısını almaq, halsızlığı azaltmaq və planlaşdırılmış kursları vaxtında davam etdirmək baxımından.

Ən çox rast gəlinən problemlər və praktik yanaşmalar

İştahanın azalması

Az-az, lakin tez-tez yeyin — gündə 5–6 kiçik öyün. Boşqabı çox doldurmayın. Ən yaxşı iştahınızın olduğu vaxtda ən qidalı öyünü qəbul edin.

Dad hissinin dəyişməsi

Metal dadı hiss olunursa, plastik çəngəl-qaşıq sınayın. Qırmızı ətə qarşı ikrah yaranarsa, zülalı toyuq, balıq, yumurta, süd məhsulları və paxlalılardan alın. Yeməyi soyuq və ya otaq temperaturunda qəbul etmək iyə həssaslığı azalda bilər.

Ürəkbulanma

Yağlı, ağır iyli və çox ədviyyatlı yeməklərdən çəkinin. Quru, sadə qidalar (qalet, çörək, düyü) daha yaxşı tolerantlıq göstərir. Ürəkbulanma əleyhinə dərmanlar müalicə planının hissəsidir — onları həkimin göstərişi ilə vaxtında qəbul edin.

Ağız boşluğunun quruluğu və selikli qişaların iltihabı

Yumşaq, sulu qidalara üstünlük verin. Turş, duzlu və kəskin qidalardan çəkinin. Ağız gigiyenasına diqqət yetirin.

Maye qəbulu

Gün ərzində kifayət qədər maye qəbul edin. Qusma və ya ishal olduqda maye itkisi sürətlə artır — bu barədə həkiminizə məlumat verin.

Nədən çəkinmək lazımdır

  • Xam və ya az bişmiş qidalar — immunitetin zəiflədiyi dövrdə infeksiya riski
  • Pasterizə edilməmiş süd məhsulları
  • Yoxlanılmamış qida əlavələri və yüksək dozalı vitaminlər — bəziləri müalicə ilə qarşılıqlı təsirə girə bilər. Hər hansı əlavəni qəbul etməzdən əvvəl həkiminizə məlumat verin
  • Sərt məhdudlaşdırıcı dietalar — “xərçəngi acından öldürmək” fikri ilə. Bu yanaşmanın elmi əsası yoxdur və müalicənin ən çətin dövründə çəki və əzələ itkisinə səbəb ola bilər

Oruc tutmaq olarmı?

Bu, ən çox verilən suallardan biridir və cavab hər pasiyent üçün eyni deyil.

Nəzərə alınması lazım olan amillər: müalicənin hansı mərhələsində olduğunuz, qəbul etdiyiniz preparatların cədvəli və dozalanması, çəki vəziyyətiniz, böyrək funksiyanız və maye balansınız, yanaşı xəstəlikləriniz və qəbul etdiyiniz digər dərmanlar.

Bəzi pasiyentlərdə oruc əlavə risk yarada bilər — xüsusən aktiv müalicə dövründə, çəki itkisi və ya dehidratasiya riski olduqda. Digər hallarda vəziyyət fərqli qiymətləndirilə bilər.

Qərar mütləq həkiminizlə birlikdə verilməlidir. Bu suala saytda və ya sosial şəbəkədə ümumi cavab vermək düzgün deyil.

Nə vaxt həkimə müraciət etmək lazımdır

  • Bir həftə ərzində demək olar ki, heç nə yeyə bilmirsinizsə
  • Planlaşdırılmadan çəki itirirsinizsə
  • Davamlı qusma və ya ishal varsa
  • Udma çətinliyi və ya ağız boşluğunda güclü ağrı yaranıbsa
  • Dehidratasiya əlamətləri varsa — az sidik, quruluq, başgicəllənmə

Müəllif: Dr. Aygün Aslanova, tibbi onkoloq · Son yenilənmə: 27.08.2026

Saytdakı məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini, diaqnozu və ya fərdi müalicə tövsiyəsini əvəz etmir. Müalicə qərarı yalnız tam müayinə və klinik qiymətləndirmədən sonra verilir. Təcili hallarda təcili tibbi yardıma müraciət edin.

WhatsApp